AynuR ElgünəŞ

İyul 14, 2010

Ölümdən qaçanlar…

Filed under: SOSIAL — aynurelgunesh @ 9:22 səhər
Tags: , , , , , , ,

“Bizim Yol” – 13.07.2010

Zorakılıq qurbanına çevrilən qadın hara üz tutsun?

Yeni reabilitasiya mərkəzləri fəaliyyətə başlayacaq

Ötən il  Şüvəlandakı 1 saylı internat evində təzyiqlərə məruz qalan Füruzə Əsgərovadan yazı hazırlamışdım. Füruzəni internatdan qovmuşdular, əllərində bəhanələri də vardı; o, internatda saxlanması üçün nəzərdə tutulan yaş həddini keçmişdi. Qıza kimsə də sahib çıxmırdı. Ölkədəki bütün əlaqədar təşkilatlara müraciət etdik, bu gənc üçün yer axtardıq. Elə o zaman da nə qədər çarəsiz qadının bu səbəbdən təşkilatlara üz tutduğunun şahidi olduq. Onların arasında cinsi istismara məruz qalan, ailəsi tərəfindən təzyiq edilən onlarla qadın vardı. Və nə yazıq ki, bu qadınların sayı durmadan artır. Hara getsinlər, kimə üz tutsunlar? Həyat yoldaşlarından, atalarından, qardaşlarından….. polisə şikayət etdikdən sonra necə yenidən o evə qayıtsınlar? Hamısı bu sualların məngənəsində çabalayır.

Qadınlar üçün reabilitasiya mərkəzləri yaradılır

Qadınlara qarşı zorakılıq bütün cəmiyyətlərin problemidir. Dünyanın istənilən yerində incə məxluq hesab edilən qadınlar bu problemlə üzləşir. Hər birinin fərqli hekayəsi olsa da, yaşadıqları acının ortaq bir məxrəci var. Elə bu səbəbdən də artıq inkişaf etmiş ölkələrdə zorakılıq qurbanı olan qadınlar üçün sığınacaq evləri – reabilitasiya mərkəzləri yaradılıb.

Azərbaycanda da bu cür mərkəzlərin yaradılması istiqamətində işlər görülür.  Bununla bağlı sorğumuza Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavab verib. Qurumun mətbuat xidmətinin məlumatına görə, reabilitasiya mərkəzlərinin 4 rayonda yaradılması nəzərdə tutulub – Gəncə, Lənkəran, Xaçmaz və Zaqatala. Hazırda isə bu cür mərkəzlərin açılması ilə bağlı yerli icra hakimiyyəti ilə birgə işlər görülməkdədir: “Onların fəaliyyətə başlaması 2010-cu ilin may ayının ortalarına nəzərdə tutulurdu. Ancaq sığınacaqların açılması geniş maarifləndirmə və məlumatlandırma kampaniyasının aparılmasını tələb edir. Yalnız müvafiq izahat işləri həyata keçirildikdən sonra onların fəaliyyətini təmin etmək mümkündür. Bu baxımdan sığınacaqlar plana uyğun və məqsədyönlü prosesdir”.

BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsindən verilən məlumata görə isə ötən ilin iyun ayında BMT-nin Əhali Fondu Komitə ilə birgə “Zorakılıq qurbanı olan qadınlar və onların uşaqları üçün reabilitasiya xidmətləri təmin edən mərkəzlərinin yaradılması” mövzusunda müvafiq dövlət qurumlarının nümayəndələri üçün iki günlük təlim təşkil edib. Gender məsələləri üzrə beynəlxalq ekspertlər tərəfindən aparılan təlimdə Komitənin, Ombudsman Aparatının, səhiyyə, daxili işlər, əmək və əhalinin sosial müdafiəsi, gənclər və idman, ədliyyə və təhsil nazirliklərinin əməkdaşları iştirak edib. Təlim zamanı reabilitasiya mərkəzlərinin yaradılmasının vacibliyindən, gender zorakılığı qurbanlarına dəstək üzrə beynəlxalq standartlardan, bu cür mərkəzlərin modelləri və xüsusilə bu sahə üzrə Türkiyə təcrübəsindən, mərkəzlərin fəaliyyət mexanizmindən, gender zorakılığına dair qanunvericilik aktlarından danışılıb.

Türkiyədə yalnız qadınlar üçün deyil, qızlar üçün də sığınacaq evi var

Azərbaycanda bu cür mərkəzlərin yaradılması məsələsində əsasən Türkiyə təcrübəsi öyrənilir. Bu, həm də Türkiyənin müsəlman ölkəsi olması ilə də bağlıdır. Yazını hazırlayarkən Türkiyə təcrübəsinə də müraciət etdik.

Ölkənin daxili işlər naziri Bəşir Atalayın mətbuata verdiyi açıqlamaya görə, Türkiyədə 1400 qadın üçün sığınacaq evi var. İstanbulda 105 nəfərlik qapalı sığınacaq varkən, bu say İzmirdə 146, Ankarada 148, Konyada 177, Adanada 218-dir. Ankaradakı 148 nəfərlik sığınacaq evinə 100 nəfər CHP-li Çankaya Bələdiyyəsi tərəfindən yerləşdirilir.

Sığınacaqlar əsasən, əhalisinin sayı 50 mini keçən bölgələrdədir.

Türkiyədə ilk belə mərkəzlər evi 1990-cı ildə açılıb. Hazırda qadın evləri ilə yanaşı, gənc qız sığınma evi də fəaliyyət göstərir ki, orada 18 qız yaşayır. Kadıköydəki Gənc Qız Sığınma Evi Dərnəyinin başqanı Uğur İlhanın sözlərinə görə, xeyriyyəçilərin hesabına həmin qızlar peşə kurslarına gedir, psixoloji dəstək alırlar. Bundan başqa, qızların yemək, geyim, dərman və digər gündəlik ehtiyacları var ki, onları da xeyriyyəçilər qarşılayır. Sosial Xidmətlər Müdirliyi isə illik kirayə haqqını ödəyir. Uğur İlhanın bildirdiyinə görə, bu ev heç bir rəsmi qurumdan dəstək almır, yalnız könüllülərin hesabına ayaqda dura bilir və bütün xeyriyyəçilərin adlarını öz internet səhifəsində qeyd edir.

Türkiyədə ilk müstəqil qadın sığınacağı açan “Mor Çatı” Qadın Sığınacaq Vəqfinin vəkili Esra Baş isə mətbuata açıqlamasında deyib ki, beynəlxalq standartlara uyğun olaraq Türkiyədə 9 min nəfərlik sığınacaq evi açılmalıdır. Hazırda isə bu ölkədə cəmi 44 sığınacaq evi var: “Sığınma evləri ilə bağlı problemlərin həllinə yönələn “Baş Bələdiyyələr” Qanununa görə, böyükşəhir bələdiyyələri ilə əhalisi 50 mini keçən bələdiyyələr qadın və uşaqlar üçün sığınma evləri açmalıdırlar”.

Vəkil sığınacaq evlərinin funksiyalarından da danışıb: “Sığınacaq evlərinin planlanmasında ən çox diqqət yetiriləcək məsələ gizlilikdir. Qadınlara təzyiq göstərən kişilərin onları tapa bilməməsi önəmli şərtlərdən biridir. Amma təəssüf ki, sığınacaq evlərinin güvənliyi çox zəifdir. Pərdələrin qapadılması, eyvana və küçəyə çıxışın yasaqlanması isə psixoloji travma almış qadınların vəziyyətini daha da ağırlaşdırır. Sanki izolə edilmiş qadınlar həbs həyatı yaşamağa məhkum edilirlər. Halbuki müalicə zamanı onlar insanlarla daha sıx ünsiyyətdə olmalıdırlar”. Esra Başın sözlərinə görə, Avropada bu cür evlər gizli bağçalarla, qapalı məkanlarla əhatə olunur. Bayıra mümkün olduqca qapalı, içəriyə isə mümkün olduqca açıq və rahat şərait yaradılır.

Bizdə isə hələ sığınacaqlar hazır olmadığından onların necə olacağını indidən müəyyənləşdirmək mümkün deyil.

Statistika deyir ki…

Son illərin statistik göstəricilərinə nəzər yetirməklə bu cür sığınacaq evlərinin, eləcə də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbuluna ehtiyac olduğunu aydın görmək mümkündür. Dövlət Statistika Komitəsinin saytında 2009-cu ilin məlumatları hələ yerləşdirilmədiyindən əvvəlki illərin müqayisəsini aparmaq məcburiyyətindəyik. Beləliklə, 2000-ci ildə cinayət törətmiş qadınların sayı – 1180 nəfər olubsa, 2008-ci ildə onların sayı 2573 nəfərə çatıb.  Ötən 8 ildə ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb – 2675 nəfər. Qəsdən sağlamlığa ağır zərbə vurmaya görə 2000-də 13, 2008-ci ildə 8 nəfər həbs olunub.  2003-cü ildə isə bu rəqəm 20-dir.

2008-ci ildə törədilmiş cinayətlər nəticəsində 11392 nəfər zərər çəkib. Onlardan 1040-ı kişi, 302 nəfər qadındır. Qəsdən adamöldürməyə gəlincə, 120 kişi, 70 qadın bu cinayətləri törədib.

Qanunun qəbuluna ehtiyac var

“Hesab edirik ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi qadınlara qarşı zorakılıqla mübarizə sahəsində atılmış mühüm addım olacaq. Məişət zorakılığına qarşı mübarizə kimi çətin vəzifənin həyata keçirilməsində mühüm rol oynayan bu qanuna böyük ümid edirik” – bu fikirlər də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyidir.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da qanunun qəbulunun vacibliyini vurğulayır: “Bu qanun imkan verəcək ki, qadınlara qarşı törədilən cinayətlərin, zorakılıq hallarının qarşısı alınsın”. Reabilitasiya mərkəzlərinin açılmasının gecikdirilməsinə gəlincə, M.Zeynalova hesab edir ki, bu, kompleks tədbirlər əsasında həyata keçiriləcək bir işdir: “Sığınacaq evlərinin yaradılması asan iş deyil. Bunun üçün xeyli vaxt, sərmayə, kadr potensialı və avadanlıq lazımdır. Görünür bu səbəbdən də layihənin gerçəkləşməsi gecikir”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab edir ki, reabilitasiya mərkəzlərinin hansı qurumun tabeliyində olması məsələsi də çox önəmlidir: “Mənim fikrimcə, qadın sığınacaqları daxili işlər orqanlarının nəzdində olmamalıdır. Polis nəzdində olsa zorakılıqla qarşılaşan qadın ora getməyəcək. Fikirləşəcək ki, polislərin yanına gedir. Bu, ya müstəqil bir qurum kimi, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olsa, yaxşıdır. Sığınacaqlar bir çox ölkələrdə məhz bu qurumun tabeçiliyindədir. Yaxud da həm həyat təcrübəsi, həm də beynəlxalq təcrübənin tətbiqi baxımından hansısa QHT nəzdində olsun. QHT-lərdən bir ekspert kimi istifadə etsələr, yaxşı olardı.

Reabilitasiya mərkəzlərinə hüquq-mühafizə orqanlarına və yaxud da məhkəməyə müraciət edən qadınlar qəbul edilməlidir. Çünki onlar daha çox təhlükə ilə qarşılaşırlar”.

Estoniyanın ENUT Gender İnstitutunun direktoru Reet Laya da mətbuata açıqlamasında sığınacaq evlərinin vacibliyindən danışıb: “Təbii ki, Estoniyanın bölgələrində yaşayan qadınların problemləri də yox deyil. Xüsusilə ailədaxili zorakılıq məhz bölgələrdə geniş yayılıb. Ona görə də, ancaq regionlarda 6-ya yaxın Qadın Sığınacaq Mərkəzləri açılıb. Ailədə zorakılıq görən qadınlara bu mərkəzlərdə hüquqi, mənəvi və psixoloji yardımlar edilir”.

R.Layaya görə, qadına problem yaradan amillərdən biri də onun təhsilsiz olmasıdır: “Bölgələrdə yaşayan zərif cinsin nümayəndələrinin normal təhsil, səhiyyə xidmətindən istifadə problemləri var. Ümumiyyətlə, insan təhsilsiz olduqda  ona nəyisə anlatmaq çox çətin olur. Ona görə də onlara keyfiyyətli təhsil vermək vacibdir. Şəhər məktəbləri ilə kənd məktəblərinin tədris keyfiyyətində böyük fərq var. Hətta bəzi yerlərdə fərqli-fərqli fənlərin keçirilməsinə də rast gəlinir. Cəmiyyətin  bəzən elə zərərli adətləri olur ki, onu tərgitmək üçün çox böyük, dövlət səviyyəsində kampaniyalar, maarifləndirilmə işləri aparılmalı, zərəri barədə mütəmadi və əhatəli şəkildə məlumat verilməlidir. Bu işdə həm mətbuat, həm də vətəndaş cəmiyyəti aktiv şəkildə yardım etməlidir”.

Şərh yaz »

Heç bir şərh yoxdur.

RSS feed for comments on this post. TrackBack URI

Bir şərh yazın

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.