AynuR ElgünəŞ

Yanvar 20, 2009

Yaşıllıqların qənimi

Filed under: KÖŞƏ,Uncategorized — aynurelgunesh @ 12:16 axşam
Tags: , , ,

Nizami rayonunda «soyqırım» davam edir

Aynur Elgünəş

Aynur Elgünəş

Yaşadığı həyat tərzinə və gördüyü işlərə uyğun olaraq hərə tarixin yaddaşında bir cür qalacaq.

Amma ona tam əminəm ki, Nizami rayonunun camaatı icra başçısı Mehbalı Əliyevi yaşıllıqların qənimi, dolayısı ilə mərhum prezident Heydər Əliyevin düşməni kimi xatırlayacaq. Çünki vaxtilə mərhum prezidentin «hansısa ağacın budağını kəsən elə bilsin ki, mənim qolumu kəsir» ifadəsini bayraq tutub şəhəri yaşıllıqlara qərq edən icra hakimiyyəti başçılarından fərqli olaraq Mehbalı müəllimin ağaclara qarşı allergiyası var. Harada iki ağacı bir yerdə görürsə tez baltalatdırıb yerində ya şadlıq evi, ya da mağaza tikdirir. Elə ona görə əhali arasında onun rəhbərlik etdiyi rayonu «şadlıq evləri şəhərciyi» də adlandırırlar. İmanım Allah əmanəti, ola bilsin ki, həmin şadlıq evləri və mağazalar daha «yuxarı»da oturanlara məxsusdur, ancaq bu, faktdır ki, həmin müəssisələrin sayı məhz Əliyevin icra hakimiyyəti başçısı kreslosuna oturmasından sonra göbələk kimi artıb. Hələ qonum-qonşularım danışır ki, onların böyük əksəriyyəti başçımızın «day-dayı»sı Rövnəq müəllimə məxsusdur. Onun sayəsində Mehbalı müəllimə də az pay düşmür. Bir neçə ay əvvəl 8-ci kilometr bazarı yananda da günahı icra başçısında axtaranlar oldu. Dedilər, guya Qaraçuxurda yeni bazar tikilir deyə köhnəni bu yolla sıradan çıxarırlar. Kimisi də dedi ki, bazarın ətrafında tikilən ticarət müəssisələrinin işi yaxşı getsin deyə bazarı yandırıblar.
Hələ bir qonşumuz var, yaşıllıqların məhv olmasından çox bazarın qarşısındakı dayanacaqda olan ayaqyolunun uçurulmasına heyfsilənir. Deyir, bu boyda rayonda cəmi-cümlətanı bir ictimai tualet fəaliyyət göstərirdi ki, onun da səliqə-sahmanı ərazi sahiblərini qane etmədi, birdəfəlik ləğvinə qərar verildi. İndi həmin yerdə nəsə tikilir, ictimai ayaqyolu da, onun yerləşdiyi parkabənzər dayanacaq da tarixin səhifələrinə köçurülüb.
«Xüdafərin», «Bahar» şadlıq evlərinin ətrafında yaşayan əhali də hər axşam, xüsusilə yay axşamlarında başda Mehbalı müəllim olmaqla bağı məhv edən hər kəsi leksikonumuzu bəzəyən bəzi ifadələrlə yad edirlər.
Bir qoca sakin var, kimin əlində diktafon və ya bloknot görürsə, yana-yana məhv edilib, hasara alınmış bağı göstərərək deyir ki, cavanlığı bu ağacları əkməklə keçib. Sonra da başlayır xoruz səsi eşitməmiş qarğışlar, söyüşlər yağdırmağa. Çox təəssüf ki, mətbuatın bu səpkidə yazdığı tənqidlər ölkə rəhbərliyinə çatmadığı kimi edilən qarğışlar da qurbanolduğuma yetişmir.
Belə olmasaydı, indi də «Neftçilər» metrosunun həndəvərini hasara alıb yazıq ağacları budamazdılar.
Belə məqamda heç Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də hara baxdığını soruşmağın yeri yoxdu. Məndən soruşsaydılar, bu fəaliyyətsiz qurumun ləğvini məsləhət görərdim.
Bir də adamı yandıran odur ki, tikilən mağazaların sayəsində vətəndaşın mənzilinin işığı, havası kəsilir, amma o, buna heç etirazın da bildirmir. Başqalarını bilmirəm, mən indidən həmin ərazidəki dayanacaqda dayanıb marşrut gözləyən sərnişinlərin yaydakı əhval-ruhiyyələrini təsəvvür edirəm. Nə demişəm, o vaxta qədər Mehbalı müəllim də avtobus gözləməyin ümidinə qalıb onca dəqiqə bu dayanacaqda dayana. Onda yaşıllığın əhəmiyyətini də anlayar, hələ əməlindən xəcalət də çəkər.
Ay Allah, nolar, bizi eşitmirsən, heç olmasa o günahsız ağacların ahını eşit. Axı, onlar da sənin yaratdıqlarındı.

Şərh yaz »

Heç bir şərh yoxdur.

RSS feed for comments on this post. TrackBack URI

Bir şərh yazın

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.