“Bizim Yol” qəzeti, 25.01.2012
Qaranlıqdakı ziya və ya dövlət qurumları təhsil müəssisəsinin qanunsuz fəaliyyətinə niyə göz yumur?
“Biz dini təhsil almaq üçün gəldik, əvəzində psixoloji travma aldıq”. Bu sözləri Badamdar qəsəbəsində yerləşən “Şəbnəm” mədrəsəsində təhsil almış Təhminə Ağayeva (ad şərtidir) deyir.
Mədrəsədə yaşadığı həyat bu hicablı xanımın əsəblərini pozub, özünə qapanmasına səbəb olub. İntihara cəhd etmiş bu xanım hazırda psixoloq yanında müalicə olunur: “Mədrəsədə təhsil 2 ildir. Başqaları kimi mən də bura oxumağa gələndə elə bilirdim ki, təhsilimi başa vurub mədrəsədə, ya da hansısa məsciddə işləyəcəm. Ancaq adamım yoxdur deyə məni işə götürmədilər. Mədrəsənin əsas rəhbəri Türkiyə vətəndaşı Məryəm Dəmirdir. Ancaq sənədlərdə Aynurə Məmmədovanın adı gedir. Yalnız yoxlama gələndə Aynurə Məmmədova (İslamur hoca kimi tanınır) ortaya çıxır. Mədrəsədə o qədər haqsızlıqlar, qanunsuzluqlar baş verir ki, bütün uşaqlar cana doyub. Amma bunun qarşısını alan yoxdur. Bizi hədələyib deyirlər ki, onsuz da şikayətinizə baxan olmayacaq, heç kim bizi qoyub, sizə inanmaz”.
Məzhəblər arasında ayrıseçkilik yaradılır
Şikayətçi yalnız Təhminə deyil. Özünü Vüsalə kimi təqdim edən hicablı xanım da “Şəbnəm”dəki təhsildən, münasibətdən narazıdır: “Mən həmin mədrəsəni birtəhər bitirmişəm. Əslində universitetə girmək istəyirdim. Ancaq attestatım itdiyi üçün ali məktəbə sənəd verə bilmədim. Fikirləşdim ki, 2 il oxuyaram, müxtəlif fənlərə də orada hazırlaşaram, attestatım bərpa olunandan sonra yenidən universitetə girərəm. Ancaq gəlib gördüm nə oxumaq, heç o fənlərə əhəmiyyət vermirlər. Allahın ilk əmri “Oxu”dur. Amma mədrəsədə Qurani-Kərimdən başqa digər elmləri öyrətmirlər. Dindar müəllimələr arasında elələri var ki, heç vurma cədvəlini də bilmir. Yoxlama aparılsa, görərlər ki, o mədrəsədə oxuyan tələbələrin heç nədən xəbəri yoxdur. Heç Azərbaycanın neçə rayonu işğal olunub, onu da bilmirlər. Tələbələr şikayət etməyə qorxur. Zeynəb Nuri adlı müəllimə var, heç bir universitet təhsili yoxdur, ali təhsil almaq istəyən qızlara da məsləhət görür ki, elə mədrəsə təhsili ilə kifayətlənsinlər. Zeynəb Nuri deyir ki, dünyəvi kitabları oxumayın, Qurani-Kərimdə hər şey var”.
Vüsalə deyir ki, mədrəsədə dini ayrıseçkilik var: “Qapalı da olsa, bu mədrəsədə məzhəblər arasında ayrıseçkilik yaradırlar. Şiələrlə sünniləri bir-birinə qarşı qaldıran gizli təbliğatlar aparılır. Belə məsələlər bir-iki günün içində həll olunmur, uzun müddət hazırlanır. Ona görə də bu cür qarşıdurmanın pis nəticə verə biləcəyindən ehtiyatlanıram”.
Qanunsuz kitablar tədris olunur
Mədrəsədəki ağır şəraitdən gileylənən T.Ağayeva deyir ki, baş verənləri ailəsi bilməsin deyə adının şərti verilməsini istəyir: “İstəmirəm ailəm mənim əzab çəkdiyimdən xəbər tutsun. Mən hafizlikdə oxuyurdum. Dərsimiz səhər 6-da başlayır. O vaxt dərsi danışmaq üçün gərək gecə saat 4-də durub hazırlaşasan. Hər gün bu saatda oyanmaq adama pis təsir edir. Atamın ölümündən sonra başımda ağrılar başlamışdı, hər gecə 4-də oyanmaq səhhətimi ağırlaşdırırdı. Ona görə də xahiş etdim ki, saat 6-ya qədər dərsimi danışıb sonra yatım. Uşaqlar da razılaşmışdılar. Amma rəhbərlik razı olmadı, dedilər dərsi saat 6-da verməlisən. Məni idarəyə çağırdılar, dedilər ki, sən müəllimənin münasibətindən istifadə edirsən. Səhərlər gəlirdim, görürdüm müəllimə ağlayıb. Deyirdi, məni çağırıb danlayırlar ki, niyə o dərsini vaxtından əvvəl danışır? Mədrəsənin idarəçiliyində Veysəl adlı şəxs də vardı. Hafizlərə o rəhbərlik edirdi. Sonradan o, işdən çıxdı. Hazırda onun vəzifəsini Məryəm Dəmirin həyat yoldaşı icra edir. Ancaq gizlədirlər. Veysəl müəllim Xədicə adlı müəlliməni çağırıb məni ona tapşırdı. Xədicə də Türkiyə vətəndaşıdır. Bu müəllimə də mənimlə prinsip apardı, dərsimi soruşmurdu, incidirdi. Səbəbini də belə izah edirdilər ki, sən niyə gedib rəhbərliyə şikayət etmisən? Baş verənlərə dözməyib mədrəsədən çıxmaq qərarına gəldim. O zaman Veysəl mənə dedi ki, getmə, qal, 1 ay ərzində çaşmadan dərsini danışmasan çıxarsan. Bu, mümkün deyildi. Oxuduğumuz Qurandır, nağıl deyil ki, çaşmadan danışa bilim. Sadəcə məni başqa adla çıxarmaq istəyirdilər. Mədrəsədə Gülnarə Həşimova və Şahnaz adlı idarəçilər var. Tələbələrlə çox kobud rəftar edirlər. Kim şikayət edirsə, deyirlər ki, sən günaha batırsan, kursun bağlanmasını istəyirsən. Elə deyil, şəxsən mən istəmirəm mədrəsə bağlansın, ancaq rəhbərliyə normal münasibət qura bilən birini qoysunlar”.
T.Ağayeva da məzhəblər arasında ayrıseçkilik edildiyini deyir: “Ən böyük narazılıqlardan biri də odur ki, mədrəsə rəhbərliyi qızların mədrəsədən kənardakı həyatına da müdaxilə edir. Kiminlə görüşdün, hara getdin və s. Sanki hər şeyə görə onlara hesabat verməliyik. Məzhəblərə gələndə, şiələr əlləri açıq, biz isə bağlı şəkildə namaz qılırıq. Buna müdaxilə etmirlər. Amma müəllimlər bizi namaz qılarkən güdürlər. Sələfilər qəbul edilmir, onlara təzyiq edilir. İdarəyə çağırırlar, deyirlər ki, sən digərlərinə təsir edirsən. Halbuki sələfi olanlar heç nə etmirlər, sadəcə namazı bildikləri kimi qılırlar. Neçəsi oldu ki, təzyiqlərə davam gətirməyib mədrəsədən çıxdı. Mən özüm hənəfiyəm, qorxumdan sələfilərlə ünsiyyətdə olmuram. Çünki görən kimi danlayırlar, incidirlər”.
Hazırda mədrəsədə təhsil aldığından kimliyinin bilinməsini istəməyən başqa bir xanım isə qadağan olunmuş kitablardan istifadə olunduğunu deyir: “Məktəbi əsasən dörd Türkiyə vətəndaşı idarə edir. Amma onların rəsmi fəaliyyəti yoxdur deyə yoxlama gələndə gizlənirlər. Hətta bir dəfə yoxlama gələndə yuxarı mərtəbədəki paltar dolablarında gizlənmişdilər. Binamızın yanında qırmızı bina var, orada həmin idarəçilər yaşayırlar. Əvvəllər ora ilə bizim bina arasında qapı da var idi. Yoxlamalar gələndən sonra həmin qapını hördülər. Mədrəsədə qadağan olunmuş kitablardan dərs keçirlər. Biz bunu bilmirdik. Bir neçə dəfə yoxlama gəlib və o zaman həmin kitabları yatağımızda gizlədiblər. Onda bilmişik ki, həmin kitablardan istifadə etmək olmaz. Mədrəsəyə nə qədər insan pul verir. Hamını “xeyirsevərik” deyib aldadırlar. Deyirlər ki, hansı tələbə xəstə olursa, onu həkimə aparırıq. Ancaq özünü pis hiss edən tələbəyə “yalandan edirsən” deyib günahlandırırlar, pul da qalır özlərinə. Tələbə məcbur olur öz puluna müalicə alsın. Etiraz edəni də bir bəhanə ilə çıxarırlar”.
Xanımın sözlərinə görə, ötən il noyabrın 30-da gecə tələbələri bayıra çıxarıb, mədrəsənin qapadıldığını deyiblər. Lakin dekabrın 1-də günorta yenidən mədrəsənin fəaliyyəti bərpa olunub: “Bir neçə dəfə polislər gəlib, mədrəsənin qanunsuz fəaliyyət göstərdiyini deyiblər. Rəhbərlik də bizə polisin telefon nömrəsini paylayıb, tapşırdı ki, valideynlərimiz zəng edib mədrəsənin bağlanmasına etiraz etsinlər”.
Araşdırma zamanı tələbələrə paylanmış nömrənin (0124373114) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məxsus olduğunu müəyyənləşdirdik.
Mədrəsədən narazı olanlar arasında haqsız yerə işdən çıxarıldığı bildirilən Rəna adlı müəllimə də var. Bu barədə mətbuata danışmaq istəməyən müəllimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmək Müfəttişliyinə şikayət edib. O, ərizəsində 2015-ci ilə qədər həmin mədrəsə ilə müqaviləsinin olduğunu, işdən adı rəsmi müdir kimi qeyd olunmayan Məryəm Dəmir tərəfindən çıxarıldığını qeyd edib.
Mədrəsə rəhbərliyi danışmaq istəmir
Tələbələrin iradlarına aydınlıq gətirmək istəməyən Aynurə Məmmədova bizi mədrəsənin xalqla əlaqələr şöbəsinin rəhbəri Sevinc Aslanova və prorektor Gülnarə Həşimovaya yönləndirdi. Yalnız onu dedi ki, mədrəsənin lisenziya problemi var, Təhsil Nazirliyinə rəsmi müraciət olunub və artıq bu məsələ həll olunmaq üzrədir.
Hər iki xanımla görüşdük. Xanımlar suallarımızı cavablandırsalar da, bunun mədrəsə rəhbərliyinin mövqeyi kimi verilməsinin əleyhinə oldular və görüşün tanışlıq xarakteri daşıdığını söylədilər. S.Əsədova bizi mədrəsəyə dəvət etdi və xahiş etdi ki, tələbələrlə, müəllimlərlə görüşmədən narazıların fikirlərini işıqlandırmayaq: “Mədrəsədə 205 xanım təhsil alır. Onlardan 10 nəfərinin narazı olması böyük göstərici deyil. Əksinə onların fikri mədrəsə haqqında mənfi təsəvvür yarada bilər. Ona görə də siz mədrəsədə olmamış yazı yazmayın”.
Lakin sonradan əlaqə saxladıqda S.Əsədova mədrəsənin Qafqaz Müsəlmanları İdarəsinə məxsus olduğunu əsas gətirdi və yalnız qurumun rəsmi icazəsi olduqdan sonra bu təhsil müəssisəsinə gələ biləcəyimizi vurğuladı. QMİ-nin mətbuat xidməti isə mədrəsəyə getməyi məqsədəuyğun hesab etmədi və bizi qadın mədrəsələri üzrə məsul olan Qəmər Cavadlıya yönləndirdi. Q.Cavadlı da “deyilənlərin heç biri fakta söykənmir, hamısı dezinformasiyadır”- deməklə fikrini yekunlaşdırdı. Halbuki S.Əsədova və G.Həşimova görüşdə problemlərə müəyyən qədər aydınlıq gətirmişdilər. Məsələn, S.Əsədova müəllimənin işdən çıxmasını belə əsaslandırmışdı: “Həmin müəllimə tələbələrə şişirtmə qiymət verdiyinə görə cəzalandırılıb”. Şöbə rəhbəri məzhəblər arasındakı ayrıseçkiliyə və tələbələrin digər şikayətlərinə də aydınlıq gətirmişdi: “Sələfilər vəhhabilərdir. Dövlətimiz vəhhabilərə qarşı mübarizə aparır. Biz də dövlətimizin qoyduğu qanunlarla işləyirik. Kimin hansı məzhəbdən olması bizim üçün maraqlı deyil. Biz sadəcə vəhhabilərin üsulu ilə dərs keçmirik. Bu da onların xoşuna gəlmir. Ədəbiyyat, tarix və digər fənlər tədris olunur. Lakin biz əsasən Quranı öyrədirik. Kim tarixi mükəmməl bilmək istəyirsə, gedib tarix fakültəsində oxusun”.
Qeyd edək ki, tələbələr bizə müəllimləri ilə danışıqlarının audioyazısını təqdim edib. Həmin dialoqda müəllimlər tələbələrin söylədiyi faktları təsdiqləyiblər.
Mədrəsənin lisenziyası yoxdur
«Dini etiqad azadlığı haqqında» Qanunun 10-cu maddəsinə edilən dəyişikliklərdən sonra dini tədris müəssisələri Təhsil Nazirliyi tərəfindən verilən xüsusi lisenziya əsasında fəaliyyət göstərməlidirlər. Həmin qanuna edilən əlavə və dəyişikliklərdən öncə İslam Universiteti, mədrəsələr, digər dini tədris müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilirdilər. Lakin qanuna edilən yeni dəyişikliklərə uyğun olaraq dini tədris müəssisələri yalnız Dövlət Komitəsində qeydiyyatdan keçmirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini G.İsmayılov mədrəsənin fəaliyyətinin qanunsuz olduğunu söylədi.
Təhsil Nazirliyinin akkreditə şöbəsindən isə bildirdilər ki, “Şəbnəm” mədrəsəsi lisenziya üçün onlara müraciət etməyib. A.Məmmədovadan fərqli olaraq, S.Əsədova nazirliyə şifahi müraciət etdiklərini dedi.
Məsələnin qəribəliyi isə ondadır ki, “Təhsil haqqında” qanun “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliyi təkzib edir. Yəni, “Təhsil haqqında” qanunun 2.3-cü maddəsində göstərilir: “Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, хarici dövlətlərin diplоmatik nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir”.
“Normativ hüquqi aktlar haqqında” qanunun 7-ci maddəsinə görə, normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur.
“Təhsil haqqında” Qanun 2009-cu ilin 19 iyununda qüvvəyə minib, “Dini etiqad azadlığı haqqında” Qanuna isə əlavə və dəyişikliklər 21 iyul 2009 və 1 iyul 2011-ci illərdə edilib. “Normativ hüquqi aktlar haqqında” qanuna əsasən, «Dini etiqad azadlığı haqqında» Qanunda göstərilən maddələr tətbiq olunmalıdır. Maraqlıdır ki, müraciət etdiyimiz hüquqşünaslar bu halı anormal hesab etsələr də, konkret yol göstərə bilmədilər. Hüquqşünas İntiqam Əliyevin fikrincə, dövlət öz vətəndaşlarının vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qanunlar arasındakı bu uyğunsuzluğu aradan qaldırmağa çalışmalıdır.