AynuR ElgünəŞ

Dekabr 6, 2011

Əlillər günündə özümə hədiyyəm

Filed under: KÖŞƏ — aynurelgunesh @ 9:25 am
Tags: , , , , ,

Əlilliyin nə demək olduğunu uşaqkən dərk etmişdim. Sinif yoldaşlarımın baxışından, qohumlarımın məni toyda oynadıb ağlamasından sezmişdim fərqliliyimi. Yadımdadır, bir dəfə sinfimizə maarifdən bir nəfər gəldi, uşaqların bəzisinə məktəbli forması payladı, mənə də bir ayaqqabı bağışladı. Sevinə-sevinə alıb evə gətirdim. Bunun mənə niyə verildiyinin səbəbini isə səhərisi gün – atam məktəbdə hay-küy salıb, ayaqqabıları direktorun üstünə atanda anladım. Əlil olduğum üçün mənə acıyıblarmış.

***

Qoltuq ağacları ilə məktəbə gedərdim. Sinif yoldaşlarım çantamı anamın əlindən almaq istəyəndə hirslənərdim. Mənə yazıqlarının gəlməsi qüruruma toxunardı. Ağır çantanı qoltuq ağacına söykəyib güclə də olsa sinifə özüm aparardım. Hər gün gizlincə güzgünün qarşısında gəzərdim, amma nədənsə əyri yeridiyimi heç görməzdim. Məndən balaca bacı-qardaşımdan necə yeridiyimi soruşardım hərdən, gülərdilər. Toxunardı mənə, amma hiss etdirməzdim.

***

Həyətimizdə boyük çinar ağacı vardı. Qanadları eyvanımızdan içəri girərdi. Yeganə dərd sirdaşım idi o. Kimsəyə bu haqda danışmazdım, yalnız ona tökərdim içimdəki küskünlüyü, qırıqlığı. Yadımdadır, bir dəfə ailəm məni qonşuda qoyub qonaq getdi. Mənə “uşaqları həkimə aparırıq” dedilər. O zamanlar qoltuq ağacları ilə gəzirdim. Həkimdən çox qorxardım, hər şeyə razı idim, təki həkimə getməyim.

Gecə çox gec gəldilər. Bacımdan öyrəndim, “Damcı bulaq” deyilən yerə gəzməyə getmişdilər. Hətta meşədən çiyələk də yığıb gətirmişdilər mənə. O gecə çox ağladım, amma bu göz yaşlarımı sevimli “dostum”dan başqa kimsə görmədi. Elə o an da çinarımın yanında özümə söz verdim, güclü, çox güclü olacam, yaxınlarım əlilliyimdən utanmayacaq, başqaları məni görüb qulağını çəkməyəcək, bir gün əlilliyimin arxasındakı MƏNİ də görən tapılacaq!

***

Məktəbi bitirəndə də yerimə qərarı ailəm vermək istədi. Mənə rahat olsun deyə Neft Akademiyasının nəzdindəki əlillər üçün təşkil olunmuş fakültədə oxumağımı istədilər. Amma istəmədim. Çünki xəyallarımda əlillərlə birgə həyat yox idi…

Zamanla ürəyini açanlar da oldu. Əliləm  deyə bu təkliflərə şükür etməyim gərəkirmiş sanki. Dil tökənlər rədd cavabı alan kimi əlilliyimi bayraq etdilər, başqalarının yanında kiçiltməyə çalışdılar məni. İş üçün üz tutduğum neçə qapıda öncə görkəmimi ikrahla süzdüklərini gördüm. Qohumlarım arasında məni bəyənməyib məclisinə dəvət etməyən də oldu, eşıtdim, susdum. Ürəyimdə sındım, həyatdan küsdüm. Neçə dəfə üzümü göyə tutub “mən sənə nə etmişdim belə yaratdın?” – deyə etiraz da etdim. Böyüdükcə komplekslərim də böyüdü. Bəzən metroda üzümə dikilən adi baxışın altında əzilib sonuncu stansiyaya qədər getdiyim zamanlar da oldu. İnsanlar məni bax beləcə kiçiltməyə, öz gözümdə heç etməyə çalışdılar. Amma olmadı…

***

Həyat məni əzdikcə, dirçəldim, yıxdılar, yenidən qalxdım. Mənə dodaq büzənlərə yazıq olmadığımı, nəyəsə yaradığımı sübut etməyə çalışdım. Hətta bəzən kobudcasına belə. Bacardım deyəsən… Çünki artıq kiminsə baxışlarından əzilmirəm, yerişimdən utanmıram. Artıq mənimlə hesablaşırlar, əziz qonaq kimi evin yuxarı başına keçirirlər. Bunlar məni sevindirirmi? Bilmirəm. Yalnız onu bilirəm ki, insan özünə güvəndisə, onu heç kim, heç nə əyə, sındıra biməz.

***

Artıq mənə əlilliklə bağlı çox şey gülməli, mənasız gəlir. Məsələn, indi çox məmur Heydər Əliyevin yolunu davam etdirərək, dekabrın 3-də əlilləri bayram münasibətilə təbrik edirlər. Sanki əlil olduğumuz üçün sevinirmişik kimi. Mənsə yalnız əylənirəm. Hətta bir dəfə redaktorlarımdan birinə zarafatla “bu gün əlillər günüdür, məni niyə təbrik etmirsiz?”-dedim. Ciddi qəbul edib mənə ətir hədiyyə etdi.

Dünənsə 70-80 yaşlarında, divardan tuta-tuta gedən bir qarı üzümə baxıb qulağını çəkdi. Aylar sonra bəlkə də ilk dəfə ürəkdən güldüm. O zaman da anladım ki, dərdlər də eyiblər kimidir, gülərək keçmək lazım…

Şərh yazın »

Hələlik şərh yoxdur.

Bu yazının şərhləri üçün RSS bəsləyicisi. TrackBack URI

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.