27.01.2011/ abzas.net
http://abzas.net/?mod=news&act=view&nid=32073
Azərbaycanda söz azadlığı çoxdan qanına qəltan edilib. Özü də bizim əlimizlə. Yəni jurnalistlərin. Əslinə baxsan, ölkədə söz azadlığının boğulduğunu iddia edənlərin sayı da elə çox deyil, uzağı 20 nəfər. Onların da sözünü saya salan yoxdur.
İttihamım ağır oldu, bilirəm. Amma bəlkə bir düşünək, hakimiyyət niyə bizi eşitməz oldu? Niyə beynəlxalq aləmin bu qədər çağırışları, tövsiyə və təhdidləri ölkə rəhbərliyindən heç kimin tükünü də tərpətmədi?
Səbəb çox sadə və anlaşıqlıdır; bizlərdən təpki görmədi. Təpki 3-4 jurnalistin əlinə plakat verib küçəyə çıxarmaq, qəzet səhifələrində söz azadlığından dəm vurmaq deyil.
Oğulsan hakimiyyətin verdiyi ianələrin qarşısında davam gətir.
Kim gətirdi? Hansı qəzet bu neçə ildə bir dəfə olsun iqtidarın ayırdığı yardımdan imtina etdi?
Bəhanələri də tutarlı oldu: “Heç kim şəxsi cibindən pul vermir, büdcə hamımızındır”. Nəticədə qəzetlərdə Elmar Hüseynovun qətli ilə bağlı jurnalist yazılarının sayı azalmağa başlandı.
Yardımlar ilbəil artdıqca, qəzet səhifələrindən siyasi yükü olan faktlar azaldı, həbslərin, təzyiqlərin sayı artdı. Qəzetlər yardıma alışandan bu yana bir dəfə də olsun redaktorlar bir araya gəlib medianın taleyi ilə bağlı qərar vermədilər. Heç biri müstəqil söz deməyi bacarmadı.
Ötən il guya iqtidar alicənablıq göstərdi, jurnalistlərə ev verəcəyini elan etdi. Dünyada ən utancverici hal kimi qarşılanan bu olayı mediamız bəh-bəhlə təqdim etdi.
Hakimiyyətə eninə-uzununa döşəyən müxalifət qəzetinin yazarları faktı pisləmək əvəzinə, “neçə ildir mətbuatdayam, hünərləri var mənə ev verməsinlər, görsünlər neynirəm” təhdidi ilə çıxışa başladılar.
İnanıram nəsə edəcəklərinə, çünki söhbət şəxsi maraqlardan gedir.
Son nəticədə mətbuatın başına müsibətlər gətirən, ifadə azadlığını diri-diri məzara gömdürən İlham Əliyev dostumuz seçildi.
İndi də jurnalistləri pulsuz müayinə edirlər və bütün qəzetlər az qala bunu böyük şücaət kimi işıqlandırır.
Dostlarımın qəzet səhifəsindəki təşəkkür dolu çıxışlarını oxumasaydım bu mövzuya heç toxunmayacaqdım da. Amma onlardan birinin “jurnalist aztəminatlı təbəqədir, bu müayinələrə ehtiyacı var” deməsi məni təbdən çıxardı. Bunu o şəxs deyib ki, hakimiyyəti ən çox tənqid edən jurnalist kimi tanınır.
Bəli, jurnalistlər ölkənin aztəminatlı təbəqəsidir. Onun da sağlam yaşamağa, normal qidalanmağa haqqı var. Amma gəlin düşünək, ölkədə aztəminatlılar yalnız jurnalistlərdirmi? Orta təbəqə mövcud deyilsə, deməli, harınlamış məmurlardan başqa hamı aztəminatlıdır də. Bizlərin müəllimlərdən, mühəndislərdən, fəhlələrdən fərqimiz nədir?
Niyə məhz jurnalistlər pulsuz müayinə olunmalıdır, özü də hansısa özəl tibb müəssisəsində? Bu müayinədən sonra jurnalist hansı mənəvi haqla səhiyyədəki çatışmazlıqları qələmə alacaq? Pulsuz müayinə olunan yazar günlərlə Səhiyyə Nazirliyinin qəbul şöbəsinə ayaq döyən vətəndaşın gözünə necə baxacaq?
Özəl tibb müəssisəsinə müraciət edib pulsuz müayinə olunmaqla həkimdən rüşvət almağın arasında hansı fərqin olduğunu mənə kim izah edə bilər? Ölkədə dövlət xəstəxanalarında müayinə-müalicə pulsuzdur. Bir dəfə də olsun vətəndaş kimi bu müəssisələrdə haqqınızı tələb etmisinizmi?
Əgər haqsızamsa, buyurun, arqumentlərinizi göstərin. İzah edin ki, jurnalistin pulsuz müayinəsinin təşkili, özü də məhz özəl tibb müəssisəsində təşkili onların ələ alınması deyil. Yox, əgər bu, qayğıdırsa, o zaman niyə məhz sizlər üçün nəzərdə tutulub? İndiyədək bu özəl müəssisə hansısa bir iş gününü “aztəminatlı şəxslərin pulsuz müayinəsi günü” kimi elan edibmi?
Sizin nə fikirləşdiyinizi bilmirəm, amma mənim düşüncəmə görə, jurnalistin qayğısına qalan şəxs onun çalışdığı mətbu orqanın müstəqilliyini təmin etməlidir, rəqabət mühitini, reklam bazarının olması üçün şərait yaratmalıdır. Ev, maşın almaq istəyən jurnalistlər üçün Kredit İttifaqının yaradılmasına imkan verilməlidir.
Yox, əgər bunu bacarmırsa, gücü ancaq öz təşkilatı çərçivəsində nəsə etməyə yetirsə, o zaman tibbi sığorta məsələsini qabartsın, bunun həlli istiqamətində hansısa addımlar atsın. Daha jurnalisti öz istəklərinə alət etməsin.
Bu ölkədə hamı maşın, ev, sağlamlıq istəyir. Bəs azad söz necə, onu istəyən varmı? Təəssüflənməyə dəyər…