AynuR ElgünəŞ

Dekabr 10, 2010

Öz evində girov olanlar…

10.12.2010. “Bizim Yol” qəzeti

Zorakılığın daha bir üzü: Qadınların iqtisadi cəhətdən asılılığı ciddi fəsadlara yol açır

Gülbikə Nəbiyeva tibb bacısıdır. 11 illik iş təcrübəsi var. Dediyinə görə, aylıq məvacibə yalnız qol çəkir, bəhrəsini isə görmür: “Ailə quranda tibb texnikumunun son kursunda idim. Həyat yoldaşımn köməkliyi ilə özümə iş tapa bildim. İlk vaxtlar büdcəmiz eyni olsun deyə məvacibimi ona verirdim. Sonradan gördüm ki, öz pulumu belə ondan icazəsiz xərcləyə bilmirəm. Əgər hansısa gün maaşı alıb özümə bir cüt corab alsam, həmin gün evdə dava düşər. Gərək pulu son qəpiyinə qədər ona verib, sonra icazə ilə nəsə alım. Buna görə də məcburam xəstələrin etdiyi “hörməti” gizlədib, ehtiyacıma xərcləyim. Qohum-əqrəbası, dostları onun səxavətliyindən dəm vurur. Nədənsə hamı bu səxavəti görür, bir ailəsindən başqa. Hansı gün maaşımdan götürmək istədiyimi desəm, “daha işləmə, sənin işləməyin mənə lazım deyil”-deyib əl-qolumu bağlayır”.

Ailə mədəniyyətinin aşağı olması problemlərə yol açır

Bu cür misallar minlərlədir. Qadını özündən asılı vəziyyətdə saxlamaq, onu şəxsi “mülk”ünə çevirmək nə yazıq ki, Azərbaycan reallığında mövcuddur. Ölkədə kişilərin böyük əksəriyyəti qadını hansısa yolla özündən asılı vəziyyətə salır, ailə zorakılığına məruz qoyur.  Düzdür, bu gün iqtisadi asılılıq kişilərdə də müşahidə olunur. Əgər kişi iş tapa bilmirsə və ailədə yalnız qadın çalışırsa, o zaman kişi iqtisadi baxımdan asılı vəziyyətə düşür. Bu tendensiya getdikcə artmağa başlasa da, hələlik narahatlıq yarada biləcək səviyyədə deyil.
Ümumiyyətlə, ailə zorakılığı fiziki, cinsi zorakılıq, iqtisadi nəzarət və psixoloji hücuma şamil edilə bilər. Belə hallar yaxınlıq münasibətləri zamanı baş verdiyinə görə təhqirin bir çox növləri adətən zorakılıq kimi qəbul olunmur. Ailə zorakılığına səbəb maddi, və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Xüsusən bölgələrdə qadınlar iqtisadi zorakılığa məruz qalırlar.

İqtisadi zorakılıq – iqtisadi şantaj, ailənin gəlirlərinə nəzarət məqsədilə qadının qazandığı pulların əlindən alınması və sairdir. Düzdür, iqtisadi zorakılıq fiziki zədə ilə nəticələnmir, lakin bu zorakının qurbanına psixoloji zədə yetirir. Hökm və nəzarət sonradan qeyri-fiziki təhqiredici və məcburedici davranışla möhkəmləndirilir.

Təhsil hüququ tanınmır

Araşdırmalar göstərir ki, qadınların erkən nikaha cəlb edilməsi, təhsil hüququnun tanınmaması onların iqtisadi zorakılığa məruz qalmasına gətirib çıxarır. Ötən il Quba rayonunda zorla ərə verilən 15 yaşlı qız toy günü intihar etməklə bu problemi yenidən qabartdı. “Azadlıq” Radiosu bu faktdan sonra erkən nikahlarla bağlı maraqlı araşdırma apardı.
Bu məsələdə ən diqqət çəkən məqamlardan biri də odur ki, təhsil müəssisələri qızların məktəbdən ayrılıb ərə verilməsinə müdaxilə etmir. Halbuki orta təhsil məcburidir və qanun erkən nikahı yasaqlayır. Amma elə Quba rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov “Azadlıq” Radiosuna deyir ki, bu, ailədaxili məsələdir və heç kim qarışa bilməz: “Camaatın öz işidir.
15 yaşında qızın ərə getməsi öz istəyidir, anasının, atasının istəyidir. Mən bunun qabağını ala bilmərəm. Müsəlman ölkələrində, bizdə belə bir ənənə var də, valideyn, qız istədi, biz onun qabağını ala bilmirik ki…”
Bəs erkən nikahlarla bağlı məktəbdə profilaktik tədbirlər aparılırmı? Süleyman Aslanov hesab edir ki, belə söhbətlər aparmaq onun işi deyil, onun fikrincə, doqquzuncu sinfi bitirən və təhsilini davam etdirmək istəməyən azyaşlı qızların ərə verilməsi təhsildən yayınmaq deyil, qızların hüququdur.
Parlamentdə 15 yaşlı qızın intiharından söz açan millət vəkili Rəbiyyət Aslanova deyib ki, əvvəllər belə bir hadisə olsaydı, həmin rayonun rəhbərliyi işdən çıxarılardı.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, onlar doqquz ildir erkən nikahın fəsadları barədə yerlərdə maarifləndirici işlər aparırlar, amma hələ də bu problem öz aktuallığını itirmir, hətta erkən nikahların sayı azalmaq əvəzinə, artır: “Məktəbdə təkcə elmlər öyrədilməməlidir. Məktəb həm də uşağı tərbiyə edir. Əgər müəllim görürsə ki, qız şagird dərsə gəlmir, bunu araşdırmalıdır. Nişanlanmaq qanunla qadağan deyil, amma məktəb valideynlə söhbət apara bilər, ona xəbərdarlıq edə bilər ki, erkən nikah olarsa, hüquq-mühafizə orqanına müraciət edəcək. Qıza başa salınmalıdır ki, əgər oxumazsa, iş-güc sahibi də ola bilməyəcək. Bu da sonda onun kişidən, ailədən asılı vəziyyətə salacaq”.
M.Əzizova deyir ki, mərkəz azyaşlıların məktəbdən yayındırılaraq ərə verilməsilə bağlı  monitorinq keçirib: “Xüsusilə bölgələrdə maddi təminatı az olan ailələr qızlarını erkən ərə verməkdə maraqlıdırlar. Belə hadisələrə bütün rayonlarda rast gəlinib. Valideynlərlə aparılan söhbət zamanı əksəriyyət iqtisadi çətinliyi əsas gətirib. 250-dən artıq sorğu iştirakçısının 45 faizi qızların erkən ərə verilməsinə haqq qazandırıb. Erkən ailə quranların 55 faizi ailə zorakılığı ilə üzləşir və nəticədə ayrılırlar. Lakin nikahları olmadığından əmlakdan məhrum edilirlər. Buna görə də yeniyetmələrin əksəriyyəti fahişəlik etməklə dolanmağa məcbur olurlar”.
«Qadınlar Vətəndaş Cəmiyyətində» Təşkilatının sədri Gülnarə Həsənova da apardıqları araşdırmalardan danışıb: «Azyaşlı qızların erkən ərə verilməsi halları artıb. Bu, xüsusən qərb bölgəsindəki Daşkəsən, Tovuz və Şəmkir rayonlarında geniş vüsət alıb. Bu sahədə valideynlərlə yanaşı ictimaiyyət, xüsusilə məktəb direktorları günahkardır. Belə ki, Ailə Məcəlləsində nikaha daxil olmaq üçün ən azı 17 yaş həddi müəyyənləşsə də son vaxtlar 13-14 yaşında olan qızların ailə qurması halları artıb. Araşdırmalardan görünür ki, sözügedən rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Acınacaqlıdır ki, bu halı məktəb rəhbərliyi bilsə də mübarizə aparmır».

Qanuna ümid var…

BMT- nin baş katibi Pan Gi Mun 25 noyabr tarixini qadınlara qarşı zorakılığın aradan qaldırılma günü elan edib. BMT-nin Əhali Fondunun məlumatına görə, bütün dünya üzrə ölüm halları arasında zorakılıqdan qadın ölümü 10-cu sıradadır.
Azərbaycan 2006-ci ildə AŞ-nın qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Milli Məclis isə 2008-ci ildə “ Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsini müzakirəyə çıxarsa da, yalnız 2010-cu ildə qanun qəbul edilib.  Qanunun qəbulunu əngəlləyən əsas səbəblər arasında da Milli Məclisdə kişi deputatların çoxluğudur. Qeyd etmək lazımdır ki, BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT-nin hesablamaları göstərir ki, dünyada hər üç qadından biri zorakılığa məruz qalır. Qurumun təmsilçilərinin fikrincə, bu problemin həllində ən yaxşı yol cəmiyyətin maariflənməsidir. Hazırda Azərbaycanda qadınların zorakılığa məruz qaldığı yüzlərlə belə ailəni nümunə çəkmək olar. UNİCEF -in zorakılığa məruz qalan uşaq və qadınlara aid son hesabatına görə, Azərbaycanda 15-49 yaş arasındakı hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır. Ailə zorakılığı həm ailədə, həm də cəmiyyətdə müşahidə və əsaslandırma yolu ilə öyrənilmiş davranışdır. Bunun səbəbi nə genetika, nə də xəstəliklə bağlı deyil. Ailə zorakılığı onu törədənə öz qurbanı üzərində hədə qorxu ilə idarəetmə qüvvəsinə yiyələnməyə imkan verir.

Qəzetlər nədən yazır?

Azərbaycan Gender İnformasiya Mərkəzi qəzetlərə əsasən tədqiqat aparıb. Tədqiqatda göstərilir ki, konteksdə fiziki zorakılığa həsr edilmiş məqalələr 22,8 faiz təşkil edir. Məqalələrin yarıdan çoxu psixoloji və iqtisadi zorakılığa həsr edilib. Bu faizlər Azərbaycanda zorakılıq növlərinin obyektiv vəziyyətini əks etdirir ki, onları da aşağıdakı kimi təqdim etmək olar: Fiziki -34,96%, seksual -30,89%, psixoloji -14,63%, iqtisadi -19,51%.
Qəzet məqalələrinin təhlili göstərir ki, 18 yaşa qədər qadın qrupu ən çox fiziki, daha sonra isə seksual zorakılığa məruz qalır. Bu yaşda olan qurbanlar iqtisadi zorakılığa çox az məruz qalırlar, çünki qadınlar hələ müstəqillik əldə etməyiblər. 35 yaşdan 54 yaşa qədər zorakılığın bütün növləri kifayət qədər bərabər nisbətdə iştirak edir. Bu qrupda ən kiçik say psixoloji zorakılığın payına düşür. Bu, onu göstərir ki, qadınlar psixoloji zorakılığa müqavimət göstərmək iqtidarındadırlar. Məqalələrdə qrup şəkilli zorakılıq, qarət, döyülmə kimi mövzulara toxunulmur. Belə faktlara Azərbaycanda çox nadir hallarda rast gəlmək olur, bu da milli mentallıqla izah olunur. 55 yaşdan yuxarı qadınlara qarşı fiziki zorakılığın faizi müqayisədə azlıq təşkil edir, cəmi 8,33 faiz. Bu, Şərqdə yaşlı adamlara ənənəvi hörmət və ehtiramdan irəli gəlir. Psixoloji zorakılıq özünü 0-18 yaş qrupunda göstərir, belə ki, valideynlər və böyük qardaşlar kiçik və gənc qızlara müəyyən geyim və davranış formalarını qadağan edə bilərlər. Bu psixoloji hədələr çox hallarda fiziki zorakılıqla müşahidə olunur. İqtisadi zorakılıq özünü əsasən 35-54 və 55 və daha artıq yaş qruplarında göstərir.
Bir qayda olaraq, zor işlədən tanış olur. Sevgili tərəfindən zorakılıq ancaq fiziki və iqtisadi zorakılıq növlərində müşahidə olunur. Azərbaycanlı qadınlar sevgililərinin törətdiyi qanun pozuntuları haqda polisə məlumat verməyə meyilli deyillər. Ona görə də qurbanların tam sayını dəqiqləşdirmək mümkün olmur. Amma bu faktdır ki, keçmiş ərlər fiziki zorakılığa, bəzən isə qurbanın pulunu və zinət əşyalarını əlindən alaraq, iqtisadi zorakılığa əl atırlar. Bəzən keçmiş ərlər ölüm hadisəsi törədirlər, lakin çox hallarda cinayəti real ərlər törədərək, zorakılığı ailə həyatının formasına çevirirlər.

Mütəxəssislər düşünür ki…

Filosof Ağalar Məmmədov da Azərbaycan ailələrində geniş yayılmış problem kimi maddi müstəqilliyin olmamasını göstərir. Onun fikrincə, maddi müstəqilliyin olmaması hətta ailəni qoruyub saxlayan amil hesab oluna bilər. Yəni, qadının maddi təminatı olarsa, daha çox ailələr dağılar. Uşaqların qazanc yerinin olmaması isə valideynlərin onların üzərində avtoritar şəkildə hegemon olması ilə nəticələnir: “Yoxsul gənc müstəqil qərar verə bilmir, valideynləri onun yerinə qərar verir. Gəncin hər şeyini valideyn seçir və son nəticədə o, vətəndaş ola bilmir”.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu da ailələrin əsas probleminin iqtisadi durumu ilə bağlı olduğu qənaətindədir.  “Qaynar.info” saytna verdiyi açıqlamasında hüquq müdafiəçisi deyir ki, maddi imkanın olmaması qadını cəmiyyətdən və ailədən asılı vəziyyətə qoyur.
14 saylı Hüquq Məsləhətxanasının vəkili Dilarə Əfrasiyabova isə fərqli düşünür: “İmkanlı ailələrdə zorakılıq ruslar demişkən, “podumannıy” olur. Burada qadınların şıltaq davranışı konflikt yaradır. Qadın deyir, mən bu rəng kürkü istəmirəm, başqa rəng istəyirəm və s. Adam var ki, imkanlıdır, ancaq işə gedəndə evdə 30 qəpik yol pulu qoyur. Qadının tələbatı var, evə lazım olan şeylər olur, ala bilmir. Buradan da problemlər yaranır. Bu problem təhsildə də özünü göstərir. Kişi var ki, özü yeyir-içir, dostları ilə vaxtını keçirir, digər qadın olur həyatında… Bunu da həm iqtisadi, həm seksual, psixoloji zorakılıqlara aid etmək olar”.
Psixoloq Azad İsizadə də düşünür ki, iqtisadi zorakılıq zamanı kişi çox qazanır və qadını özündən asılı edir: “Heç nə bərabər bölünmür. Kişi düşünmür ki, qadının onun evində bütün işləri görməsi onun çalışmasına dəstəkdir. Bunun sayəsində gedib rahat işləyə bilər. Buna görə onların əmlakı bərabər bölünməlidir. İqtisadi zorakılıqla bərabər kişi qadını həm də psixoloji zorakılığa məruz qoyur: “Səni mən saxlayıram, səni boşayaram, səni atanın evinə qaytararam və s.” bu kimi ifadələrlə. Bunlar adətən boşanma zamanı səslənmir, ancaq boşanmaya səbəb olan amildir”.

Şərh yazın »

Hələlik şərh yoxdur.

Bu yazının şərhləri üçün RSS bəsləyicisi. TrackBack URI

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.