04.11.2010 “Bizim Yol” qəzeti
http://bizimyol.az/?mod=news&act=view&nid=42403
…Bəri başdan deyim ki, şou-biznes aləmi ilə uzaqdan-yaxından əlaqəm yoxdu. Heç gündəmə yeni gələn müğənnilərin əksəriyyətini tanımıram. Oxuduqları mahnıları da avtobuslarda məcburi dinləyirəm.
Əslinə baxsanız onlara qarşı marağımın olmamasının da səbəbləri var. Çünki zamanla tədbirlərdə mədəniyyət işçilərinin əslində hansı mədəniyyətin sahibi olduqlarını çox görmüşəm. Bu gün onlardan deyil, onlarla işləyən jurnalistlərdən danışmaq istəyirəm. Həmkarlarım inciməsinlər, maqazin xəbərçiliyi ilə məşğul olan əksər jurnalistlərin də xarakteri şou əhlinin rəftarına uyğunlaşıb. “Təki efirə çıxıb kiminsə ünvanına nəsə deyim” prinsipi ilə gözlərini yumub, ağızlarını açırlar. Onlara elə gəlir ki, əgər qarşısındakı müğənnidirsə, onun ünvanına istədiklərini deyə bilərlər. Zamanla bunu Turan İbrahimov adlı namizəd-jurnalistin rəftarında görürdük, sonra Zaur Baxşəliyev bu yolu tutdu.
Ümumiyyətlə, telekanalların maqazin xəbərçiləri tamaşaçının rəyini nəzərə almır. Ucuz şou şəxsi həyat toxunulmazlığı, mənəvi-əxlaqi dəyərləri artıq arxa plana atıb. Səbəb aydındır, ictimai rəy yoxdur. Hamı başını aşağı salıb, kobud səslənsə də, “qarnını otarmaqla” məşğuldur. “Lider”in hoqqabazlığına Milli Televiziya və Radio Şurasının göz yumması isə digər telekanalları lap ürəkləndirib. Məsələn, bu günlərdə ATV-nin “Onlar” proqramında müğənni Günel Zeynalova təhqir olundu. Müğənni haqqında hazırlanmış süjetdə onun ünvanına “tərbiyəsiz”, “Türkiyədə hörmətsiz müğənni”, “Qaç, hara istəyirsən, qaç” kimi ifadələr işlədilib. Müğənni də haqlı olaraq kanalı məhkəməyə verib. Yaxşı da edib. Mən şəxsən sona qədər onu müdafiə etməyə hazıram. Ona görə yox ki, onu bir müğənni kimi sevirəm. İnciməsin, heç oxuduğu mahnılar da yadımda qalmayıb. Nə də onu böyük istedad sahibi hesab edirəm. Sadəcə öz haqqını qoruyan hər kəsə böyük hörmətim var və düşünürəm ki, haqqını qorumağı bacaran başqasının da haqqını yeməz. Deməli, belə insanın vicdanı hələ korşalmayıb, şəxsiyyəti ayaqlar altında deyil.
Günelin uşaqlığı yadımdadı. İbrahim Tatlısəs onu Türkiyəyə aparanda az qala bütün Azərbaycan bu kiçik qızın yerinə sevinirdi. O zamanlar Azəri qızı Günel maqazin gündəmindən düşmürdü. Günel böyüdükcə, sanki maqazin xəbəçiləri onda nöqsan gəzməyə, hər hərəkətinə don geyindirməyə çalışdılar. Belə də olmalı idi, tanınmış insanlar həmişə gündəmdə olur. Amma məsələ onda idi ki, Günel digər həmkarlarından fərqli olaraq toyxanalarda can qoyub topladığı pulları efirə axıtmırdı. Ona görə də hədəfdə idi.
Yaxşı, tutaq ki, Günel bu gün sizin düşündüyünüz səviyyədə müğənni deyil, heç sevilmir, vətən-millət sevgisi də sizinkindən qat-qat azdır, hansısa iş adamını sevib və s. Bundan kimə nə? Məgər, bu, onu tərbiyəsiz adlandırmağa əsas verirmi? Ümumiyyətlə, tərbiyə, əxlaq böyük müzakirə mövzusu ola biləcək anlayışlardır və təhqir edənlərin hədəflərindən nə dərəcədə üstün olduğu şübhə doğurur. Çünki təhqir edirsənsə, qarşındakını deyil, öz əxlaqını, tərbiyəni göstərirsən. Üstəlik, jurnalistlərin bütün dünyada qəbul olunmuş etik prinsipləri var. İstər siyasətdən yaz, istər mədəniyyətdən, sən bu prinsipləri qorumağa məcbursan. Yox, əgər sən bu normanı qəbul etmirsənsə, deməli, sən peşəkar deyilsən. Peşəkar deyilsənsə, o zaman efir də sənin yerin deyil.
Çox təəssüf ki, peşə etikası və peşəkarlıq anlayışları bu gün məhz maqazin xəbərçiliyindən yan keçir. Məhz bu sahədə çalışan jurnalistlər arasında prinsipləri gözləyənlərinə az rast gəlmək olur. Amma özünə hörmət edən, peşəkarlığa söykənən telekanal, qəzet bu cür səriştəsiz, danışığını bilməyən əməkdaşı ya sırasından uzaqlaşdırmalı, ya da öyrətməlidir…