AynuR ElgünəŞ

İyul 14, 2010

Cinsi azlıqlar – biz inkar etsək də, onlar var…

“yenilik.az” saytı, “Bizim Yol” – 14.07.2010   http://yenilik.az/?p=3734

Problemin həlli cəmiyyətdən təcrid etməkdirmi?

2005-ci ilin sonlarında İctimai Televiziyanın Həsən adlı əməkdaşı işdən qovuldu. Səbəb onun cinsi azlıqların nümayəndəsi olması idi. Problem təkcə onun işdən qovulmasında deyildi, Həsən həm də İTV-nin rəhbəri tərəfindən təhqir olunmuşdu. O zaman bu hadisə “Gündəlik Azərbaycan” qəzetində geniş işıqlandırıldı. İş yoldaşlarının qəzetə verdiyi məlumata görə, İsmayıl Ömərov rəhbərlikdə təmsil olunan şəxsləri öz otağına yığıb, Həsənin video görüntüsünün olduğunu deyib və göstəriş verib: “Hamınız tüpürün onun üzünə”.

Həsənin yaxınlarının sözlərinə görə, bu hadisədən sonra o, intihara cəhd edib, özünü pəncərədən atmaq istəyib. Amma dostları buna imkan verməyiblər.

Əslində hadisənin motivi başqa olsaydı, o zaman Həsəni intihara təhrik etdiyinə görə İTV rəhbərliyi məsuliyyətə cəlb olunmalıydı. Lakin söhbət cinsi azlığın nümayəndəsindən getdiyi üçün cəmiyyət Həsənə dəstək vermədi. İ.Ömərovun hərəkətlərinə haqq qazandırmayanlar da sanki “palaza bürünüb ellə süründülər”.

Baş vermiş hadisədən 5 il keçib, bu olayı çoxu unudub. Amma Həsənin taleyini yaşayanlar var və onların sayı artmaqdadır. Doğrudanmı insanın cinsinin işgüzar münasibətlərə təsiri var? Doğrudanmı ətrafımızda cinsi azlıqların olması bizim üçün təhlükəlidir?

Problemi araşdırmağa çalışdıq.

“Ya öz xoşunla get, ya da kollektivdə biabır edəcəm”

Onları əksəriyyət xəstə kimi qəbul edir. Hətta özləri də tənədən qurtarmaq üçün xəstə olduqlarını deyirlər. Cəmiyyət isə bu “xəstəlik”dən qurtulmağın yeganə yolunu onları ətrafdan təcrid etməkdə görür. Həmsöhbətim Kənan Vəliyev də (adı şərtidir-A.E) işdən qovulub. Səbəb yenə eynidir, o, cinsi azlıqların nümayəndəsidir. Kənan özünü passiv hesab edənlərdəndir. Hətta deyir ki, çalışdığı bankda onun şəxsi həyatı haqqında heç kim bilməyib. Təsadüfən hansısa tanışlıq səhifəsində oğlanlardan birinə yazdığı xoş söz iş yoldaşlarından birinin diqqətini çəkib və bu barədə rəhbərliyə xəbər verilib: “Mən tanınmış banklardan birinin filialında çalışırdım. Özümü tərifləmirəm, amma iş yoldaşlarımın hamısı necə mütəxəssis olduğumu bilirlər. Tanışlıq saytlarından birində bir nəfərlə yazışırdım. Sən demə, həmin adam da iş yoldaşlarımdan birinin tanışı imiş. Mənim kim olduğumu biləndən sonra qəsdən danışmağa başlayıblar. Sonra da yazışmalarımızı qoyublar müdirin qarşısına. O da məni çağırıb dedi ki, ya öz xoşunla get, ya da səni kollektivdə biabır edəcəm. Mən də məcbur olub işdən çıxdım”.

Kənanın sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra özündə həmcinslərinə qarşı maraq hiss edib: “Universitetdə oxuduğum illərdə bir qızla görüşürdüm. Amma aramızda cinsi yaxınlıq olmamışdı. Ümumiyyətlə, əsgərliyə gedənə qədər heç bir qadınla bu cür münasibətdə olmamışdım. İlk dəfə əsgərlikdə yaxın dostumla əlaqədə oldum. Ondan sonra hiss etdim ki, məndə öz həmcinslərimə qarşı maraq var.”.

K.Vəliyev deyir ki, hazırda daimi görüşdüyü adam var, ancaq ailəsi bundan xəbərsizdir: “Bilirəm ki, anam xəbər tutsa, ürəyi partlayar. İşi-gücü mənə qız seçməkdir. Amma mən neynəyim ki, onların gözlədiyi adam ola bilmədim. Heç özüm də belə olmağımdan məmnun deyiləm, ancaq bunu dəyişmək məndən asılı məsələ deyil. Məgər belə olduğuma görə yaşamamalıyam? Niyə mənim özəl həyatım işimə mane olmalıdır?”

Qanunla mənəvi dəyərlər qarşı-qarşıya

Qanunlar, beynəlxalq konvensiyalar da K.Vəliyevə haqq qazandırır. Konstitusiyanın 25-ci maddəsinin (Bərabərlik hüququ) 3-cü bəndində göstərilir: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

Amma Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, bu məsələdə yalnız hüquqi sənədlər rol oynamır: “Qanunvericilikdə cinsi azlıqlara qarşı hər hansı diskriminasiya yoxdur. Çünki bütün hüquqlar Konstitusiyanın 25-ci maddəsi ilə tənzimlənir. Amma bu məsələnin mənəvi tərəfləri də var. İşəgötürənlər hesab edirlər ki, bu cür adamlar mənəvi atmosferə ziyan vururlar. Hüquq müdafiəçisi olmağıma baxmayaraq, hesab edirəm ki, cəmiyyət bu cür insanlarla işləməyə hazır deyil. İstənilən cəmiyyət özünün mənəvi dəyərini qorumaq hüququna malikdir. Bizim cəmiyyət cinsi azlıqlara lazım bildiyi qədər hüquq verib, bundan artığını gözləmək olmaz. Hətta Polşa kimi ölkələr belə cinsi azlıqların evlənməsinə və digər məsələlərə qarşı çıxır. Əgər bu insanları Tanrı belə yaradıbsa, onu xüsusi nümayiş etdirməyə ehtiyac yoxdur”.

Hüquq müdafiəçisi vurğuladı ki, indiyədək onların təşkilatına cinsi azlıqların işdən çıxarılması ilə bağlı şikayət daxil olmayıb.

Cinsi azlıqlar işgüzar nüfuza zərbə vurur?

Cinsi azlıqlarla işləməyin nə kimi təhlükə yarada biləcəyini müəyyənləşdirmək üçün psixoloq Elmir Əkbərə müraciət etdik: “Freyd hələ o vaxt deyirdi ki, cinsi pozuntusu olan insanlar çox aqressiv və konfliktə meylli olurlar. Onun fikrincə, onları ciddi, korporativ işlərə cəlb etmək düzgün deyil. Bu gün də hamıda onlara qarşı aqressiya var. Yadımdadır, mərhum Ağabəy Sultanov həmişə deyirdi ki, mən qadın işçiləri heç sevmirəm, onları az halda işə götürürəm. Ona görə ki, qadınların tez-tez əhval-ruhiyyəsi pozulur, hamilə olurlar, aborta gedirlər, uşaq dünyaya gətirirlər və s. Bunun sayəsində də onların iş rejimi qeyri-stabil alınır. Bu nöqteyi-nəzərdən yanaşsaq, o zaman düşünə bilərik ki, cinsi azlıqların da davranışları kollektivin işinə hansısa formada təsir göstərir. Azərbaycan kimi ölkədə onların kollektivdə işləməsi həmin müəssisənin işgüzar nüfuzuna da zərər gətirə bilər. Məsələn, kimsə gedir ixtiyari şirkətə. Əgər o şəxs mental təfəkkürə malikdirsə, həmin şirkətlə əlaqə qurmaq, əməkdaşlıq etmək istəməyəcək. Ona görə də düşünürəm ki, cinsi azlıqların iş problemini təkcə həmin şirkətlərin rəhbərlərində axtarmaq lazım deyil. İnsanın şəxsi keyfiyyəti onun işə götürülməsində mütləq rol oynamalıdır. Bunu da xüsusi vurğulayım ki, onlarda olan aqressiya yalnız mühitin onlara olan münasibətindən irəli gəlmir. Ümumiyyətlə, bu cür insanlarda aqressiya olur. Bunu psixologiya elmi deyir və heç kim də inkar etmir. Təsəvvür edin, hansısa müəllim belədirsə, valideyn övladını onun yanına buraxarmı? Belə insanlar adətən vizajist, dizayner, bərbər olurlar. Bu barədə açıq danışılmır, amma məlum olub ki, sən demə, Azərbaycandakı gözəllik salonlarında fəaliyyət göstərən bu cür insanların bir çoxunda HİV/AİDS-ə yoluxma halları var. Konfedensial məsələ olduğu üçün bu hallar cəmiyyətə açıqlanmır. Məsələn, çox məşhur, imkanlı bir şəxsin məşuqəsi QİÇS-ə yoluxub. Bu məsələ araşdırıldı və məlum oldu ki, gözəllik salonunda dırnağını düzəldərkən bu virusa yoluxub. Mən demirəm ki, onlarla münasibətdə hamı QİÇS-ə yoluxacaq, amma insanlarda bu xof var. Heç kim QİÇS-ə yoluxmuş biri ilə bir otaqda oturmaq istəməz”. Psixoloq deyir ki, ona müraciət edənlər əsasən ailədaxili zorakılığın qurbanlarıdır: “Mənə adətən insest zəminində müraciət edənlər olur. Bu, bir məslək sirri olduğu üçün konkret fakt açıqlaya bilmərəm. Amma müraciət edənlərin hamısı istəyərəkdən cinslərini dəyişməyiblər, sadəcə ataları tərəfindən təcavüzə məruz qalandan sonra onlarda bu istək yaranıb”.

Həkim-sekspotoloq isə psixoloqun dedikləri ilə razılaşmır. Öncə onu vurğulayaq ki, müxtəlif mətbu orqanlarda elanları dərc olunan tanınmış mütəxəssisə müraciət etsək də, yalnız adının açıqlanmaması şərti ilə danışmağa razı oldu. Səbəb kimi də göstərdi ki, Səhiyyə Nazirliyinin və çalışdığı müəssisənin rəhbərliyinin ciddi tapşırığı var, cinsi azlıqlarla bağlı sualları yalnız rəhbərliyin icazəsindən sonra cavablandırmaq olar. Bununla belə, həkim məsələyə öz münasibətini bildirdi: “QİÇS kimi keçici xəstəliklər qadından kişiyə və ya əksinə də keçə bilər. Bu məsələ kiminsə işdən çıxarılmasına əsas ola bilməz. Bir mütəxəssis kimi deyirəm ki, onlarla işləməyin heç bir təhlükəsi yoxdur. İnsanın cinsinin dəyişməsinə kiminlə işləməsi təsir göstərə bilməz”.

Statistika yoxdur

Azərbaycanda nə qədər cinsi azlığın olduğunu tam göstərən statistika yoxdur. Hətta onların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat belə bu barədə dəqiq rəqəm söyləyə bilmir. Təşkilatın fəaliyyəti ilə maraqlansaq da, öyrəndik ki, rəhbərlik Avropa ölkələrinin birində HİV/AİDS əleyhinə keçirilən hansısa beynəlxalq konfransa dəvətlidir, ölkədə deyil. Yalnız onu əldə edə bildik ki, son bir ildə sözügedən səbəbdən bir neçə nəfər işdən çıxarılıb. İşdən çıxarılanlar arasında nüfuzlu fondlardan birində çalışan da var. Əsasən isə banklardan və dövlət müəssisələrindən qovulurlar. Bu səbəbdən də onlar qazanc üçün daha çox şou-biznes aləminə və gözəllik salonlarına üz tuturlar.

Bizdən fərqli olaraq, xaricdə cinsi azlıqlara daha çox etibar edilir. Məsələn, London polisi elan verərək işə qəbul etmək üçün sıralarına xüsusi cinsi oriyentasiyadan olan «mavi», «çəhrayı» və transseksuallara ehtiyac olduğunu bəyan edib. Belə insanların polisə qəbulu 1983-cü ildə yaradılan SO14 bölməsində aparılır. Bu qrupda çalışan 400-ə yaxın zabit kral ailəsi və onların yaxınlarını mühafizə edir. Hazırda bu qrupda 30 vakansiya açılıb. Namizədlərə vəzifəsi, rütbəsi və təcrübəsindən asılı olaraq, 32000-46000 avro məvacib təklif olunur. Yeni əməkdaşlar 3 kral iqamətgahında – Bukinhem sarayı, Vindzor qəsri və Şotlandiyadakı Balmoral qəsrində xidmət edəcəklər.

Yeri gəlmişkən, bu üsul orta əsrlərdə Şərqdə də geniş tətbiq olunub. Belə ki, şahların hərəmxanaları məhz xacələr tərəfindən qorunurmuş.

Rəyləri  soruşulanların fikrincə…

Problemlə bağlı kiçik sorğu da keçirdik.  Xanlar Xoca dedi ki, onun üçün vacib olan işidir, işçinin cinsi oriyentasiyası yox: “İşdən sonra kim harada nə işlə məşğuldur, özü bilər. Cinsi azlıqlar arasında elə mütəxəssislər ola bilər ki, onların işini heç kim görə bilməsin. Bu baxımdan cinsi azlıqların işdən çıxarılması doğru deyil”.

Jurnalist İdrak Abbasov: “Əgər insan işində qüsur buraxmırsa, onun şəxsi həyatı mənim üçün qətiyyən maraqlı deyil. Məgər işəgötürən işçi ilə ailə qurur ki, onun cinsi oriyentasiyası disskomfort yaratsın?”

“Demokrat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı: “Cinsi azlıqlar normal insanlar kimi əmək hüquqlarına malikdir. İstər milli istərsədə beynalxalq qanunvericiliyə görə insanların orentasiyasından aslı olmayaraq ayrı seckilioyə məruz qalması yolverilməzdirCinsi azlıqlar da normal insanlar kimi əmək hüquqlarına malikdirlər. İstər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə insanların oriyentasiyasından asılı olaraq ayrıseçkiliyə məruz qalması yolverilməzdir. Mənim üçün iş yoldaşımın oriyentasiyası önəmli deyil. Normal qarşılayıram, onunla bir kollektivdə işləməkdə problem görməzdim”.

Gənc fəal Elçin Həsənov: “Əslində mənim üçün fərqi yoxdur. Amma ətrafımdakıların buna necə baxacağından narahatam. Bu cür məsələlərin hüquqi həllinin tərəfdarıyam”.

Müəllimə Elnarə Əliyeva: “İnsanı yalnız əməlinə görə işə götürmək və ya işdən azad etmək lazımdır. Şəxsi keyfiyyəti, oriyentasiyasının necə olması onun öz işidir. İnsan ancaq Yaradan önündə hesabat verməlidir”.

Gəmiçi, dindar Anar Bağırov: “Demokratiyanı bizə gətirməyə çalışanlar nəyin Azərbaycana xas olub-olmadığını da yaxşı bilir. Demokratlar yaxşı olar ki, əsas təməllərin sarsılmasına çalışmasınlar. Mənəviyyata zidd olan bu cür mənasız problemlərdənsə, rüşvətin, korrupsiyanın qarşısını almağa çalışın. İslama zidd olan məsələləri qabartmayın”.

 

 

 

Şərh yazın »

Hələlik şərh yoxdur.

Bu yazının şərhləri üçün RSS bəsləyicisi. TrackBack URI

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.