“Bizim Yol” – 18 -09 -2008 . 
Səhiyyə Nazirliyi Respublika Uşaq Xəstəxanasının problemlərini çözə bilmir
Məmur və oliqarxların qohumlarının çalışdığı təşkilatlarda «at oynadıb», hamıya yuxarıdan aşağı baxması heç kimə sirr deyil. Sadəcə güvəndiyi insanların nüfuzu və təpkisi sahəsində belə haqsızlıqlar yerdə qalır.
Bu cür özbaşınalıq halları bu gün Respublika Uşaq Xəstəxanasında adi hala çevrilib. Belə ki, bütün xəstəxana baş həkimin müalicə məsələləri üzrə müavini Mehriban Qaralovanın əlindən dad çəksə də, onun öhdəsindən nəinki baş həkim, heç Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəhbərliyi, Səhiyyə Nazirliyi də gələ bilmir. Səbəb də budur ki, sözügedən xanım millət vəkili Zahid Qaralovun qızı, respublikanın baş prokuroru Zakir Qaralovun doğmaca əmisi qızıdır.
İstənilən həkimi təhqir etməkdən, hətta döyməkdən belə çəkinməyən M.Qaralovanın son qurbanı isə tibb bacısı Esmira Abbasova olub. Hadisə dünən baş verib. Şahidlərin sözlərinə görə, həkim Elvira Firudinbəyovanı ad günü münasibətilə təbrik etmək istəyən E.Abbasova səhər işə gələrkən özü ilə bir buket gül gətirib. Lakin onu səbəbkara təqdim etmək tibb bacısına qismət olmayıb. «Bu xəstəxanada heç kim məndən icazəsiz hərəkət edə, hətta kimisə təbrik belə edə bilməz» deyib qəzəblənən M.Qaralova buketi tibb bacısının əlindən alıb, ayaqları altına ataraq əzik-əzik edib.
Tibb bacısı, eləcə də Elvira Firudinbəyova M.Qaralovanın bu özbaşınalığı haqqında xəstəxana rəhbərliyinə şikayət etsələr də, «biz ona heç nə deyə bilmərik» cavabını alıblar.
Qeyd edək ki, bir neçə gün öncə də M.Qaralova Sehran Əfəndiyeva adlı ali dərəcəli tibb işçisini döyüb. Şahidlərin sözlərinə görə, həkim başından aldığı zərbədən huşunu itirib. Bundan sonra o, şikayət ərizəsi ilə Səhiyyə Nazirliyinə müraciət edib. Lakin məlum səbəblərdən nazirlik M.Qaralovaya qarşı heç bir tədbir görmək niyyətində deyil. Ən azı bu istiqamətdə heç bir addım atılmaması, eləcə də baş həkimin müavininin dünən təkrarlanan hərəkəti belə deməyə əsas verir.
Məsələyə aydınlıq gətirmək üçün dünən qarşı tərəflə əlaqə saxlamaq istədik. Gün ərzində dəfələrlə zəng çalsaq da, M.Qaralovanı iş yerində tapa bilmədik. Xəstəxananın baş həkimi Fərhad Mehdiyev isə hadisədən xəbərdar olduğunu desə də, «bu barədə hansı ölçü götürüləcək?» sualını cavabsız buraxdı: «Rəhbərlik məsələni araşdıracaq».
Hadisədən zərərçəkmiş Elvira Firudinbəyova da deyilənləri təsdiqlədi. M.Qaralovanın bütün xəstəxanaya qan uddurduğunu deyən həkim bu sahədə çalışdığı 20 il ərzində ilk dəfədir belə problemlə üzləşdiyini bildirdi: «Bu gün xəstəxanada intriqa baş alıb gedir. Hamı Mehriban xanımın istəyinə uyğun hərəkət etməlidir, əgər kimsə onun fikirlərinə, hərəkətlərinə qarşı çıxırsa, bu cür cəzalandırılır. İndiyədək bu məsələnin ictimailəşməsini, xəstəxanamızın adına xələl gəlməsini istəmirdik. Amma daha dözə bilmirik. İclasda ona irad bildirməyim sonda onunla nəticələndi ki, tibb bacısının mənə gətirdiyi gülü əlindən alınıb parça-parça edildi. Bu cür özbaşınalıq olmaz. Belə çıxır ki, arxalı adamlar adi insanları əzməlidir?»
Həmsöhbətimiz də S.Əfəndiyevanın həqiqətən M.Qaralova tərəfindən döyülməsi faktını təsdiqlədi: «Yazıq qadının başından elə vurdu ki, ürəyi getdi. Güclə özünə gətirə bildik. Amma buna görə heç kim ona güldən ağır söz demədi».
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənsə bildirdilər ki, sözügedən xəstəxanada baş verənlərlə bağlı onlara hər hansı məlumat daxil olmayıb.